Bəqai: İran
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşma mürəkkəb səbəblərdən uzanır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi ilə bağlı İran və Oman arasında mexanizmin hazırlanması sahilyanı dövlətlərin hüquqları, beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və prosesə müdaxilə edən müxtəlif aktorlar səbəbindən vaxt aparır
Bəqainin sözlərinə görə, Hörmüz boğazında yaranan təhlükəsizlik problemi ABŞ və İsrail rejiminin qanunsuz hərbi əməliyyatları nəticəsində meydana gəlib. O qeyd edib ki, hazırlanacaq mexanizm həm iki sahilyanı dövlətin suverenliyi və hüquqlarını təmin etməli, həm də bu mühüm su yolunda ticarət gəmilərinin təhlükəsiz hərəkətinə şərait yaratmalıdır.
İran XİN sözçüsü prosesə müxtəlif aktorların müdaxilə etməyə çalışmasının və bəzi qüvvələrin regionda sülh və təhlükəsizliyə zərər vuran fəaliyyətlərinin də danışıqları uzatdığını vurğulayıb. O bildirib ki, buna baxmayaraq, İran və Oman hər iki tərəfin maraq və narahatlıqlarını, eləcə də beynəlxalq gəmiçiliyin tələblərini nəzərə alan mexanizmin hazırlanmasında qərarlı olduqlarını nümayiş etdiriblər.
Bəqai həmçinin ABŞ-ın regionda beş onillik hərbi mövcudluğunun Fars körfəzi və Oman dənizinin ekologiyasına ciddi zərər vurduğunu bildirib. Onun sözlərinə görə, hərbi təlimlər, müasir silahlardan istifadə və regiona tətbiq edilən müharibələr nəticəsində yaranan ekoloji zərərin həcmi trilyonlarla dollar təşkil edir.
İran rəsmisi qeyd edib ki, son iki ildə ABŞ və İsrail rejiminin Fars körfəzi sahillərində yerləşən müxtəlif obyektlərə hücumları və hərbi mövcudluğun nəticələri ekoloji fəsadları daha da ağırlaşdırıb. O bildirib ki, İran bu zərərlərin kompensasiya edilməsi məsələsini gündəmdə saxlayacaq. Bəqai əlavə edib ki, ekoloji zərər sərhəd tanımır və onun təsirləri yalnız İranla məhdudlaşmır, Fars körfəzi və Oman dənizi sahillərində yerləşən bütün ölkələrə və daha geniş ərazilərə təsir göstərir.