ABŞ düşməninə ağır bədəl ödədəcəyik
https://parstoday.ir/azeri/news/iran-i14260-abŞ_düşməninə_ağır_bədəl_ödədəcəyik
İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İslam Respublikasının Mərkəzi Xatəmül-Ənbiya (s) Qərargahı bildiriblər: “Biz heç bir halda qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ düşməninə ağır bədəl ödədəcəyik.”
(last modified 2026-09-02T06:27:32+00:00 )
Sen 02, 2026 10:21 Asia/Baku
  • ABŞ düşməninə ağır bədəl ödədəcəyik

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İslam Respublikasının Mərkəzi Xatəmül-Ənbiya (s) Qərargahı bildiriblər: “Biz heç bir halda qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ düşməninə ağır bədəl ödədəcəyik.”

 

PARS TODAY: İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Mərkəzi Xatəmül-Ənbiya Qərargahı çərşənbə günü səhər saatlarında ABŞ ordusunun İranın cənubundakı Sistan və Bəlucistan və Hörmüzgan əyalətlərinə hava hücumlarına cavab olaraq yaydığı bəyanatda bildiriblər ki, İran İslam Respublikası Silahlı Qüvvələri ABŞ-ın “zəif və təcavüzkar düşməninə” sarsıdıcı və ağır zərbələr endirəcək.

 

Bəyanatda deyilir: “ABŞ-ın terrorçu ordusu regionda təxribatlarını nə qədər davam etdirməkdə israr edərsə, bir o qədər böyük və ağır itkilərlə üzləşməli olacaq.”

 

İslam İnqilabı Keşikçiləri Korpusu: Peşmanedici cavaba başladıq, Hörmüz boğazının kilidi daha da möhkəmlənəcək

 

Bununla əlaqədar İslam İnqilabı Keşikçiləri Korpusu yaydığı açıqlamada bildirib:

 

“Şərəfli İran xalqı! Sizin meydanda iştirakınızı davam etdirməyiniz ABŞ düşmənini yorub və ümidsizliyə salıb. Sizin cəsur döyüşçü övladlarınızın Hörmüz boğazındakı müqaviməti və qüdrəti Ağ Ev rəhbərlərini çıxılmaz vəziyyətə salıb.”

 

SEPAH bildirib ki, bir neçə saat əvvəl ABŞ-ın təcavüzkar ordusu ümidsizlikdən həyata keçirdiyi kor-koranə hücumlar zamanı İranın cənub sahillərində, o cümlədən bir neçə mülki obyektə hava zərbələri endirib.

 

Açıqlamada vurğulanıb ki, bu hücumlar Hörmüz boğazının “kilidini daha da möhkəmləndirib” və döyüşçülərin boğazda müdaxilə edən xarici qüvvələri məğlub etmək əzmini daha da gücləndirib.

 

Bəyanatda bildirilir: “SEPAH-ın cəsur döyüşçüləri təcavüzkarlara peşmanedici cavab verməyə başlayıblar və ilk addım olaraq yeni hava-kosmik müdafiə sistemi vasitəsilə ABŞ-ın təcavüzkar ordusuna məxsus 50-ci MQ-9 pilotsuz uçuş aparatını vurublar.”

 

ABŞ dəniz piyadalarının İordaniyadakı bazası raket atəşinə tutuldu

 

SEPAH həmçinin bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin cəsur döyüşçüləri “Təcavüzkara cəza” əməliyyatının ikinci dalğasında “Ya Rəsulullah (s)” müqəddəs parolu ilə İordaniyada, Əqəbə körfəzi sahillərində yerləşən “Camp Tietin” adlı ABŞ dəniz piyadaları bazasına güclü ballistik raket zərbələri endiriblər.

 

Açıqlamaya görə, hücum nəticəsində çox sayda ABŞ hərbçisi öldürülüb, həmçinin bir neçə mühüm obyekt və düşmənə məxsus hücum helikopterləri məhv edilib.

 

İraq Kürdüstanının Ərbil şəhərində ABŞ-a məxsus casus şarının idarəetmə sistemi məhv edilib

 

Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın törətdiyi cinayətlərə cavab olaraq Ərbildə ABŞ ordusunun texniki avadanlıqlarının təmir mərkəzi və anbarları, həmçinin ABŞ-a məxsus casus şarının idarəetmə sistemi yerləşən hərbi baza məhv edilib.

 

Açıqlamaya əsasən, bazanın yanacaq çənləri yandırılıb və bir neçə təcavüzkar öldürülüb.

 

İran ordusunun Bəhreyndəki ABŞ bazasına PUA hücumları

 

Digər tərəfdən, İran İslam Respublikası Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, “Şağ” əməliyyatının 29-cu mərhələsində və düşmənin İranın cənub bölgələrinə təcavüzünə cavab olaraq İran ordusu Bəhreyndəki Şeyx İsa aviabazasında yerləşən radar qurğularını və ABŞ-a məxsus terrorçu qüvvələrin toplanma məntəqələrini çoxsaylı kamikadze PUA-larla hədəfə alıb.

 

Bəyanatda qeyd olunur ki, Bəhreyndəki Şeyx İsa bazası ABŞ-ın Fars körfəzi regionundakı ən mühüm və həssas hərbi bazalarından biridir. Baza helikopterlərin və pilotsuz uçuş aparatlarının ehtiyat hissələrinin təmiri və texniki xidmət mərkəzlərindən biri olmaqla yanaşı, kəşfiyyat təyyarələrinə də ev sahibliyi edir.

 

İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi vurğulayıb ki, İran İslam Respublikası Ordusunun döyüşçüləri düşmənin təxribatlarına genişmiqyaslı və sarsıdıcı cavab verir və təcavüzkarlardan sərt və peşmanedici qisas alınacaq.