Azərbaycanlı politoloq ABŞ-ı qınadı
Elxan Şükürlü: İsraili cinayət törətməyə həvəsləndirən ABŞ-dır
Azərbaycanlı politoloq, Ədalət Partiyasının sədr müavini Amerika Birləşmiş Ştatlarını sionist İsrail rejiminin cinayətlərinə ortaq olan tərəfdaş dövlət kimi xarakterizə edib.
Elxan Şükürlü özünün feysbuk hesabından yaydığı məqalədə bildirir: “İsrailin Fələstin, Livan və Suriyada müsəlmanlara qarşı törətdiyi bütün cinayətlərin arxasında duran, onu işğal və soyqırımla öz ərazilərini genişləndirməyə həvəsləndirən əsas güc, şübhəsiz ki, ABŞ-dır”.
Partiya funksioneri sonra Amerikanın regiondakı hərbi bazalarının doğurduğu fəsadlara diqqət çəkib.
“ABŞ-ın Yaxın Şərqdə – 11 müsəlman ölkəsində yerləşdirdiyi 50-yə yaxın hərbi bazasının əsas missiyası həm bu ölkələrin Qərbə xidmət edən hakimiyyətlərini, sülalə rejimlərini qorumaq, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir”, - deyə Elxan Şükürlü qeyd edir.
O əlavə edib ki, hazırda 60 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi bu bazalar enerji qaynaqlarıyla zəngin və əsas nəqliyyat arteriyalarına sahib İslam coğrafiyasını nəzarətdə saxlayacaq hərbi-siyasi əməliyyatların hazırlandığı, icra və koordinasiya edildiyi, eyni zamanda İsraili informasiya ilə təchiz edən və müsəlmanların hücumlarından qoruyan əsas mərkəzlərdir.
Ədalət Partiyasının sədr müavini sonra yazır: “Özünü müsəlman sayan, İslam dininə xidmət etdiyini deyən ölkələr, ilk növbədə, iradə göstərərək, ərazilərindəki ABŞ hərbi bazlarının fəaliyyətinə son qoymağı, torpaqlarından çıxarmağı bacarmalıdırlar. Nə qədər ki bu bazlar müsəlman ölkələrinin ərazisindədir, nə dinimizin, nə də evimizin sahibi özümüz ola biləcəyik – ya özləri beləcə ümmətimizin qanını tökəcək, ya da bizi onilliklər boyu bir-birimizə qırdıraraq, hökmranlıqlarını sürdürəcəklər”.
Politoloqun fikrincə, ABŞ-ın dəstəyi olmazsa, İsraili bircə gün içərisində məğlub edərlər!