Separatçıların həbs müddəti artırılıb
(last modified Sat, 12 Oct 2024 15:12:04 GMT )
Okt 12, 2024 19:12 Asia/Baku
  • Separatçıların həbs müddəti artırılıb

Qarabağ separatçılarının həbsdə olan başçılarının həbs müddəti uzadılıb. Həbs müddətinin nə qədər artırıldığı bəlli deyil.

 

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Bakının Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Qarabağ separatçılarının həbsdə olan liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, Leva Mnatsakanyan, David Manukyan və Ruben Vardanyanın həbs müddəti uzadılıb.

Məhkəməyə müvafiq təqdimat Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsindən və baş prokurordan daxil olub. 

Separatçıların liderlərinin həbs müddəti elə bir şəraitdə uzadılır ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi müsahibədə Qarabağ separatçılarının liderlərinin işləri üzrə təhqiqatın başa çatdığını demişdi. O bildirmişdi ki, işlər məhkəməyə göndərilib. Lakin görünür vəziyyət dəyişib və separatçılar hələ məhkəmənin ixtiyarına verilməyəcək.

Xatırladaq ki, qeyd edilən şəxslər 2023-cü ilin sentyabrında Azərbaycan SQ-nin Qarabağda həyata keçirdiyi əməliyyatdan sonra həbs olunub. Separatçılar sülh və bəşəriyyətə qarşı cinayətlərdə, hərbi cinayətlərdə, terrorçuluqda, terrorçuluğu maliyyələşdirməkdə, qətllərdə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. ittiham olunurlar.

Müxtəlif qərb ölkə və qurumları rəsmi Bakıya həbsdə olan separatçıları azadlığa buraxması üçün təzyiqlər göstərirlər. Bunun ən son nümunəsi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələridir. Sözü gedən iki qətnamədə Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələri “hərbi əsir” adlandırılır və onların dərhal azad edilməsi istənilir. Niderlandın XİN başçısı Kaspar Veldkamp da həmin qətnamələrə dəstək verib.  

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının Parlamentinin qətnamələrini və xarici işlər naziri Kaspar Veldkampın fikirlərini qərəzli və əsassız hesab edib. Rəsmi Bakı son zamanlar qərb ölkələri və qurumlarının bu kimi anti-Azərbaycan qərarlarına tez-tez cavab verməli olur ancaq buna baxmayaraq Qərbin təzyiqləri gün-gündən artmaqdadır.